XALQLARIN TƏBLİĞAT APARAN
ELÇİLƏRƏ GÖSTƏRDİYİ MÜQAVİMƏT

1. Dəvət edilən dinə dair baxışları, ona inanmamaları, qəzəblənmələri, möcüzə gözləmələri

"Allah tək olaraq anıldığı zaman axirətə inanmayanların qəlbləri nifrətlə dolar. Ondan başqaları yad edildiyi zaman isə onları dərhal sevinc bürüyər" ("Zumər" surəsi, 45).

İnkara təslim olmuş qabaqcılların möminlərə və təbliğ edilən dinə reaksiyasını incələdiyimiz zaman qarşıdurma, qəzəb və təkəbbür kimi şeytana məxsus xüsusiyyətlərlə qarşılaşırıq. Bunları və təbliğat zamanı qarşıya çıxacaq müqaviməti qabaqcadan bilmək (bu, Quran ayələrinin köməyi ilə mümkündür) isə bunlara qarşı hazırlıqlı olmaq və ümumiyyətlə müvəffəqiyyət əldə etmək yolunda sağlam bir addım atmaq mənasına gəlir.

Təbliğat aparanlara tez-tez göstərilən bu müqavimət inanmaq üçün möcüzə görmək istəyidir. Quranda bu istək belə tərif edilir:

"Kafir olanlar: "Məgər Rəbbindən ona bir möcüzə endirilməli deyildimi?" - deyirlər. De: "Allah istədiyini azdırır. Tövbə edən şəxsi isə Öz hidayətinə qovuşdurur" ("Rəd" surəsi, 27).

İnanmayanlar arasında möcüzə görməyə çox böyük bir istək var. Onlara təbliğ edilən dinə inanmaq üçün mütləq belə şeylər görmək istəyirlər. Onsuz da hər tərəf möcüzələrlə doludur, bir az düşünə bilən insan bunları çox rahat şəkildə görə bilər.
Məsələn, "Havada duran bir daş var!" deyilsə, bu, böyük bir möcüzə kimi dəyərləndirilir, ancaq milyardlarla tonluq dünya yara-dıldığı gündən bəri kosmik boşluqda durmaqdadır. Üstəlik dayanmadan, qüsursuz və ahəngdar bir şəkildə bir orbit üzərində günəşin ətrafında dolanır.
Atomlar arasındakı güclü cazibə qüvvəsi də bir möcüzədir, günəşin uzaq məsafədən dünyanı isitməsi, canlılara həyat verməsi də möcüzədir... Bu hadisələrin bir səbəbinin olması onların dəyərini azaltmaz, çünki səbəblər də heyrətamizdir. Ancaq belə hadisələr Allahın qüdrətini bilməyən və Onun sübutlarının üzərindən görmədən keçənlər üçün heç bir şey ifadə etmir.
"İsra" surəsinin 90-93-cü ayələri inkarçıların necə möcüzə istədiyini açıq şəkildə təsvir etmişdir:

"Belə dedilər: "Bizə yerdən bir bulaq çıxarmayınca sənə iman gətirməyəcəyik. Yaxud  ağacları arasından şırıl-şırıl irmaqlar axan xurma və üzüm bağın olmayınca; Yaxud, iddia etdiyin kimi, göyü parça-parça edib başımıza endirməyincə, yaxud Allahı və mələkləri açıq-aşkar qarşımıza gətirməyincə; Və ya qızıldan bir evin olmayınca, yaxud sən göyə qalxmayınca biz sənə iman gətirməyəcəyik. Əgər bizə oxuyacağımız bir kitab endirməsən, göyə qalxmağına da əsla inanmayacağıq!..." ("İsra" surəsi, 90-93).

Ancaq inanmayanların möcüzə görmək istəkləri də səmimi deyil. Yəni bu insanların ürəkləri möcüzə gördükdən sonra yerinə düşəcək və beləliklə, iman etməyəcəklər. Bu istəklərinin tək səbəbi rəsulun belə bir şey edə bilməyəcəyini və möcüzə olmadıqda isə inanmaları üçün bir məcburiyyətin qalmayacağını düşünmələridir. Quranda bu insanların səmimi olmamasından belə bəhs olunur:

"Əgər onlara göydən bir qapı açsaq və onunla durmadan yuxarı dırmaşsalar yenə də inanmayıb; "Gözümüz bağlanmış, biz sehrlənmişik", -deyərlər" ("Hicr" surəsi, 14-15).

"Əgər sənə kağız üzərində bir kitab nazil etsəydik və onlar əlləri ilə ona toxunmuş olsaydılar belə, kafirlər yenə də: "Bu, açıq-aydın bir sehrdir" - deyərdilər. Onlar dedilər: "Məgər ona bir mələk endirilməli deyildimi?" Əgər Biz bir mələk göndərsəydik, iş bitmiş olar və onlara bir an möhlət verilməzdi" ("Ənam" surəsi, 7-8).

Budur, Allah inanmaq üçün möcüzə gözləyənlərin səmimi ol-mamasını belə xəbər verir.
Din anladılan inkarçıların göstərdiyi bir başqa reaksiya da söylənənləri qəbul etməmək, sonra isə yalanlamaqdır. Dini anladan möminləri və rəsulu yalançılıqda günahlandırırlar. Rəsulu bu cür ittiham etmək üçüncü fəsildə ətraflı açıqlanacaq.
Təbliğ edilən dinə qarşı "şübhə doğuran bir tərəddüd" ("Hud" surəsi, 62) içində olan inkarçılar materialist bir dünyagörüşü içində axirəti də inkar edərlər. "Muminun" surəsinin 37-ci ayəsindəki ifadələr bunu göstərir: "Bizim həyatımız yalnız bu dünyadır, ölür, dirilirik. Biz dirilməyəcəyik". Onlara açıqlananları düşünüb öyüd almaq əvəzinə dinlədikləri şeylərdə dolaşıqlıq, yanlışlıq tapmağa çalışırlar. Bəsit söz oyunları ilə mövzudan uzaqlaşmağa səy göstərirlər.
Bununla yanaşı, təbliğat aparan insanları kiçiltməyə də can atarlar. Hz.Nuha "Sənə ən rəzil adamlar tabe olmuşkən biz sənə imanmı gətirəcəyik?" ("Şüəra" surəsi, 111) deyən kafirlər bunun bir nümunəsidir. Quranda bu insanlarla bağlı başqa bir ayədə bu şəkildə bildirilir:

"Onlara: "Başqaları iman gətirdikləri kimi siz də iman gətirin! - deyildiyi zaman: "Biz də səfehlər kimi iman gətirək?" - deyə cavab verirlər. Agah olun ki, səfeh onların özləridir, lakin bunu bilmirlər" ("Bəqərə" surəsi, 13).

Möminləri ağıllarına görə qiymətləndirməyən bu insanların hər dəfə dinə dəvət etdikdə göstərdikləri bayağı və əsassız müqavimət onların özlərinin nə qədər dəyərsiz olduğunu göstərir. Hz.Nuh kafirlərin bu sərt mənfi reaksiyalarını belə göstərir:

"Sənin onları bağışlamağın üçün mən nə zaman onları dəvət etdimsə, onlar barmaqlarını qulaqlarına tıxadılar, libaslarına büründülər, israr edib durdular və təkəbbür göstərdilər" ("Nuh" surəsi, 7).

Göründüyü kimi, inanmayanların təbliğata göstərdiyi müqavimət müxtəlif olmaqla yanaşı heç birindən ağıllı və mədəni bir reaksiya görmək mümkün deyil. Həmçinin bir azdan görəcəyimiz kimi, möminlərin qarşılaşdığı reaksiyalar bəzən tamamilə insanlıqdan uzaq bir mədəniyyətsizlikdir.

 

2. Qarşıdurma, təzyiq və hədə-qorxu ilə iman gətirənləri hidayət yolundan azdırmağa çalışmaları və hiyləgər metodları

Möminlərin təbliğat fəaliyyəti zamanı qarşılaşdığı ən şiddətli müqavimət Quranda göstərildiyi kimi, o qövmün "inkarçı qabaqcılları" tərəfindən göstərilməkdədir. Xalqa iqtisadi və siyasi təzyiqlər göstərən, onları müxtəlif üsullarla özlərinə möhtac edən bu "qabaqcıllar" təbliğ edilən dinin öz mənfəətlərinə zidd olduğunu bilirlər. Belə bir dinin insanlar arasında yayılması və hakim olması onların əldə etdiyi üstünlüyü bir anda yox edəcək.
"Züxruf" surəsinin 23-cü ayəsində də bildirildiyi kimi, bu qabaqcılların mühüm bir xüsusiyyəti "rahatlıq içində azğınlaşmış" olmalarıdır. Bu insanlar dünya həyatında sahib ola biləcəkləri sərvətin ən çoxuna sahib ola bilmək, bunları "yığıb saxlamaq yolunda canfəşanlıq göstərirlər". Çünki "Huməzə" surəsinin 3-cü ayəsində Allahın dediyi kimi, "Və elə zənn edər ki, mal-dövləti onu əbədi yaşadacaqdır".
Bu təlqini onlara edən heç şübhəsiz ki, "əbədiyyət ağacını və köhnəlib xarab olmayacaq bir mülkü göstərimmi" ("Taha" surəsi, 120) deyən şeytandır. Şeytanın nəzarəti altında olan və onun "firqəsi" olmuş qabaqcılların möminlərə çox şiddətli düşmənçilik etməsi də təbii deyilmi?
Həmçinin bir ölkədə hiyləgər sistemlər quraraq möminləri tələyə salmağa, onları doğru yoldan azdırmağa çalışanlar da "Ənam" surəsinin 123-cü ayəsində bildirildiyi kimi, "Hər bir adamın günahkarlarını oranın başçıları təyin etdik". Şeytanın bu məsələ ilə bağlı fəaliyyəti digər bir ayədə belə keçir:

"Həqiqətən, şeytanlar öz dostlarına sizinlə mücadilə etmək üçün təlqin edirlər" ("Ənam" surəsi, 121).

Şeytanın sözügedən "qabaqcıl" dostlarının peyğəmbərlərə qarşı hazırladığı hiylə və hücumlardan Quranın bir çox yerində danışılır. "Qəsəs" surəsinin 20-ci ayəsində də Hz.Musanı öldürmək məqsədi ilə bir yerə toplanıb görüşənlərin şəhərin qabaqcıl inkarçıları olduğu söylənilir. Həmçinin "Əraf" surəsinin 109-cu ayəsində aparıcı inkarçı-lar Hz.Musa üçün "bilikli bir sehrbazdır" ifadəsini işlətməklə xalqın Hz.Musa haqqındakı fikirlərini alt-üst etməyə çalışmışdılar. Sonrakı ayədə isə "sizi torpaqlarınızdan çıxarmaq istəyir" ifadəsi ilə təbliğat fəaliyyətini böyük bir təhlükə və dövlət məsələsi halına gətirərək xalqı qızışdırmağı hədəfləmişdilər. "Belə halda nə buyurursunuz?" deyərək də onsuz da idarə edilmiş xalqa fitnənin hökmü olan ölüm cəzasını verdirmək istəyirlər. "Əraf" surəsinin 123-cü ayəsindən də göründüyü kimi xalq ancaq Fironun izn verdiyi şeylərə iman gətirə bi-lər. Firon normal bir hadisəni "xalqı sürgün edib çıxarmaq", "şəhərdə hiylə qurmaq" kimi böyük bir fitnə-fəsad kimi göstərərək bu ölüm cəzasını haqlı göstərməyə çalışmaqdadır. Fikrinə qarşı gələn sehrbazları ön sıralarda görüb onlara da fitnə cəzasını tətbiq etmək istəyər. "Əraf" surəsinin 127-ci ayəsində isə bu dəfə qövmün qabaqcılları Hz.Musanı öldürməsi üçün Fironu təhrik etməyə çalışırlar.
Şeytanı vəli seçmiş, onun addımlarına uymuş qabaqcıl inkarçılar möminlərlə mübarizə aparmağı adətən özlərinə borc bilirlər. Quranda "İblisin orduları" və "şeytanın atlıları və piyadalar" deyə səciyyələndirilən şeytanın dostları ilə bağlı bir ayə belədir:

"Üstündə Allahın adı çəkilməmiş heyvanların ətindən yeməyin. Bu, şübhəsiz ki, günahdır. Həqiqətən, şeytanlar öz dostlarına sizinlə mücadilə etmək üçün təlqin edirlər. Əgər onlara itaət etsəniz, şübhəsiz ki, siz də müşrik olarsınız" ("Ənam" surəsi, 121).

Əslində, möminlərin mübarizəsi inkarçıları öz nəzarəti altına almış və onları inananların üstünə salmış şeytanladır. İnkarçılarda şübhələr yaradan, möminlərin təbliğ fəaliyyətini əngəlləməyə çalışan, Allahın dinini dünyaya hakim olmasını istəməyən həmişə şeytanlar olmuşdur. Bu məqsədinə çatmaq üçün də nəzarət etdiyi bir qrup insandan "firqə" quraraq bunlardan öz istəklərini həyata keçirmək üçün istifadə etmişdir. Bu mövzu ilə bağlı bir başqa ayədə Allah belə buyurur:

"Məgər kafirlərin üstünə onları yoldan çıxardıb günaha sövq edən şeytanları göndərdiyimizi görmədinmi?" ("Məryəm" surəsi, 83).

Beləcə, inkarçılara uyanlar şeytana və öz qövmlərinin qabaqcıl inkarçılarına tabe olaraq möminlərə qarşı hərəkət edərlər.
İnsanın yaradılışına görə təqdir edilmiş dinin geniş kütlələrə təsir etməsi və qəbul etdirilməsi təbii bir prosesdir. Bu dinin təbliğ edilərək insanlara çatdırılması kifayətdir. Ancaq "inkara uymuş qabaqcıllar" dinin yayılmasını istəmədikləri üçün möminləri və elçiləri əngəllməyə çalışır, digər tərəfdən də xalqa müxtəlif yollarla təsir göstərərək möminlərin təbliğat fəaliyyətinin uğursuzluğa düçar olmasına səy göstərirlər. Bu qabaqcıl inkarçıların xalqla bağlı olan fəaliyyəti bir çox Quran ayələrində açıqlanır. Məsələn, qövmünün qabaqcıllarından inkar edənlər Hz.Şüeyb haqqında xalqa "...Əgər Şüeybin ardınca getsəniz, şübhəsiz ki, ziyana uğramış olarsınız" ("Əraf" surəsi, 90) deyə hədə-qorxu gəlmişdilər. Onların bu təbliğatı digər bir ayədə belə təsvir edilmişdir:

"Tayfasının kafir olan, axirətə qovuşacaqlarını yalan hesab edən və dünyada nemət verdiyimiz əyan-əşrafı dedilər: "Bu sizin kimi ancaq adi bir insandır; yediyinizdən yeyir, içdiyinizdən içir" ("Muminun" surəsi, 33).

Göründüyü kimi, qabaqcıl inkarçılar xalqı gah "ziyana uğra-maqla" təhdid edir, gah da elçilərin fövqəltəbii bir canlı deyil, bir in-san olduğunu irəli sürərək fikri çaşdırmağa və insanları öz təsirləri altına almağa çalışırlar. Qabaqcıl inkarçıların bu fəaliyyəti başqa bir ayədə belə təsvir edilir:

"Nuh qövmünün kafir başçıları dedilər: "Bu sizin kimi yalnız adi bir insandır. Sizə böyüklük etmək istəyir. Əgər Allah istəsəydi, mələklər göndərərdi. Biz bunu ulu babalarımızdan eşitməmişik" ("Muminun" surəsi, 24).

Burada diqqət çəkən məqam qabaqcıl inkarçıların peyğəmbəri mənafe güdməkdə günahlandırmasıdır. İnkarçılar bu qiymətli insanları pul, var-dövlət, iqtidar kimi dünya həyatında müvəqqəti olan şeyləri əldə etməkdə və beləcə insanlara hakim olmaq üçün çalışmaqda ittiham edirlər. Hz.Musa və Hz.Haruna da "...Bizi atalarımızın tapındığı dindən döndərmək, özümüzə də yer üzündə böyüklük etmək üçünmü gəldiniz?.." ("Yunus" surəsi, 78) deyərək eyni ittihamı səsləndirmişlər.
Ancaq həqiqətdə buna səy göstərənlər rəsulu günahlandıranların özləridir. Bunun müqabilində Rəsulun təbliğdən başqa heç nə etmədiyi bir çox ayədə bildirilir: ("Yunus" surəsi, 72; "Şuəra" surəsi, 179-180; "Ənam" surəsi, 90).
Qabaqcıl inkarçıların təbliğ qarşısındakı cavabları bu cür böhtan və ittihamlarla bərabər hədə-qorxu və şantajı da əhatə edir. Məsələn, kafir qövmünün Hz.Luta və yanındakı möminlərə cavabı "...Onları məmləkətlərindən çıxarın, çünki onlar təmiz adamlardır!" deməkdən başqa bir şey olmamışdır ("Əraf" surəsi, 82).
Hz.Şüeyb də buna oxşar şəkildə təhdid edilmişdi:

"Şüeyb tayfasının özlərinə sığışdırmayan əyanları: "Ey Şüeyb! Ya səni və səninlə birlikdə iman gətirənləri məmləkətimizdən mütləq qovacağıq, ya da siz bizim dinimizə dönəcəksiniz!" - dedilər. Şüeyb belə cavab verdi: "Dininizə nifrət etdiyim halda beləmi bizi bu işə məcbur edəcəksiniz?" ("Əraf" surəsi, 88).

Yenə Hz.Şüeybə gəlinən hədə-qorxu ayədə belə ifadə edilir:

"Onlar dedilər: "Ey Şüeyb! Dediklərinin çoxunu başa düşmür və səni aramızda zəif görürük. Əgər əşirətin olmasaydı, səni daşqalaq edərdik. Yoxsa sən bizim üçün əziz bir adam deyilsən!"" ("Hud" surəsi, 91).

Bu ayədən də göründüyü kimi, möminlər təbliğatçılıq fəaliyyətlərini davam etdirə bilmək üçün kafirlərə qarşı çox güclü olmalıdırlar.
İnkarçılar Allahın adını və ya Onun dinini eşidib hiss etdikləri zaman mənasız yerə əsəbiləşirlər. Hz.İbrahim atasına dini təbliğ et-dikdə aldığı cavab belə olmuşdur:

"...Ya İbrahim! Sən mənim tapındığım tanrılardan üzmü çevirirsən? Əgər son qoymasan, səni mütləq daşqalaq edəcəyəm. Bir müddət məndən uzaq ol!" ("Məryəm" surəsi, 46).

Firon da Hz.Musaya ondan başqasına səcdə edərsə, onu həbs edəcəyini ("Şuəra" surəsi, 29) və öldürəcəyini ("Mömin" surəsi, 26) iddia etmişdir. Həmin Firon onun icazəsi olmadan iman gətirən sehrbazların da əllərini və ayaqlarını çarpaz şəkildə kəsməklə və xurma ağacından asmaqla qorxudurdu ("Taha" surəsi, 71). İnkarçıların bu vəhşi qəzəbi Hz.İbrahimi atəşə atmaqla nəticələnmişdi ("Ənkəbut" surəsi, 24). Eyni şəkildə Hz.Nuh da daşa basılıb qovulmaqla təhdid edilmişdi ("Şuəra" surəsi, 116).
İnkarçıların göstərdiyi bu şiddətli qəzəb Allahın diləməsi ilə bir imtahan olaraq Qurana, onun ayələrinə və möminlərə qarşıdır. Bu mövzu ilə bağlı başqa iki ayə belədir:

"Ayələrimiz onlara açıq-aşkar surətdə oxunduğu zaman kafir olanların çöhrəsində bir ikrah sezərsən. Onlar ayələrimizi oxuyanların üstünə az qala hücum çəksinlər. De: "Sizə bundan daha pisini xəbər verimmi? Cəhənnəm! Allah onu kafirlərə vəd etmişdir. O nə pis məskəndir!"" ("Həcc" surəsi, 72).

"Həqiqətən, kafirlər Quranı eşitdikləri zaman az qala səni gözləri ilə yeyələr. Onlar: "O divanədir!" - deyirlər" ("Qələm" surəsi, 51).

İnanmayanların təbliğə göstərdiyi digər münasibət isə bir yerə toplanaraq ortaq hərəkət tərzi göstərmələridir. Böyük ehtimalla buna səbəb möminlərlə təkbaşına mübarizə aparmağa güclərinin çatmaması və buna cəsarət etməmələridir. Bu səbəbdən birləşərək bir-birinə cəsarət verməyə, güclərini artırmağa çalışırlar. Bunun bir nümunəsi güclərini Hz.Musaya qarşı birləşdirən sehrbazlardan görünür. Hz.Musaya qalib gəlmək üçün sehrbazlar bir-birinə "...bütün hiylə, sehr vasitələrinizi toplayın, sonra da səf-səf gəlin" ("Taha" surəsi, 64) deyirlər. Bundan əlavə, qövmün qabaqcılları da bir yerə yığışıb öz aralarında Hz.Musanı öldürmək üçün planlar qurmuşdular.

3. Peyğəmbərlərə qarşı yönəldilmiş ittihamlar

Qövmün qabaqcıllarının təbliğatçılara qarşı istifadə etdiyi strategiyalardan biri rəsulu müxtəlif üsullarla ittiham edərək onların təsirini azaltmağa, xalqın ona olan inamını və etibarını sarsıtmağa çalışmaqdır.
Bu ittihamlardan biri "dəlilik"dir. Ayələrdə bu barədə belə xə-bər verilir:

"Həqiqətən, kafirlər Quranı eşitdikləri zaman az qala səni gözləri ilə yeyələr. Onlar: "O divanədir!" - deyirlər" ("Qələm" surəsi, 51).

"Belə dedilər: "Ey özünə Kitab nazil edilən kəs! Axı sən divanəsən!"" ("Hicr" surəsi, 6).

"Bu adamda sadəcə olaraq bir dəlilik var. Hələ bir müddət gözləyin!"" ("Muminun" surəsi, 25).

"Hud tayfasının kafir başçıları ona: "Biz səni səfehlik içində görür və yalançılardın hesab edirik!" - deyə cavab verdilər" ("Əraf" surəsi, 66).

İnanmayanların bu ittiham və böhtanlarının əsasında rəsulu xalqın gözündən salmaq və ona qarşı tətbiq edəcəkləri cəzaların layiqliliyini sübut etmək dayanırdı. Bu səbəblərdən üçüncüsü isə Alla-hın dininə ürəkdən bağlanan, bütün təhdid və təzyiqlərə baxmayaraq mübarizədən çəkinməyən bir insanın onların gözündə ancaq bir dəli ola biləcəyidir. Bunun əksinə olaraq Allah rəsullarının kifayət qədər ağıllı və etibarlı olduqlarını belə buyurmuşdur:

"Ona itaət ediləndir, həm də etibarlı müvəkkildir. Həqiqətən, sizin dostunuz divanə deyildir!" ("Təkvir" surəsi, 21-22).

"Məgər düşünmürlərmi ki, onların yoldaşında heç bir cünunluq əsər-əlaməti yoxdur? O ancaq açıq-aydın xəbər verib qorxudandır!" ("Əraf", surəsi, 184).

İnkarçıların rəsula atdığı böhtanlardan biri də təbliğ etdiyi dinin onun bir uydurması olmasıdır. Bununla bağlı ayələr belədir:

"Kafir olanlar: "Bu (Quran) onun uydurmasından başqa bir şey deyildir. Ona bu işdə başqa bir tayfa kömək etmişdir!" -deyərək zülmə və böhtana yuvarlandılar" ("Furqan" surəsi, 4).

"Yoxsa: "O onu özündən uydurdu!" - deyirlər. Onlara belə cavab ver: "Əgər mən onu özümdən uydururamsa, günahı mənim boynumadır. Mən isə sizin törətdiyiniz günahlardan uzağam!"" ("Hud", surəsi, 35).

"Bu, sadəcə olaraq, Allaha iftira yaxan bir adamdır. Biz ona iman gətirən deyilik!" ("Muminun" surəsi, 38).

"Musa açıq-aşkar ayələrimizlə yanına gəldikdə onlar: "Bu uydurulmuş sehrdən başqa bir şey deyildir. Biz öz ulu babalarımızdan bu barədə heç bir şey eşitməmişik!" - dedilər" ("Qəsəs" surəsi, 36).

Bu ittiham və böhtana qarşı rəsulun cavabı belədir:

"Yoxsa: "O onu özündən uydurdu!" - deyirlər. Onlara belə cavab ver: "Əgər mən onu özümdən uydururamsa, günahı mənim boynumadır. Mən isə sizin törətdiyiniz günahlardan uzağam!"" ("Hud" surəsi, 35).

Rəsulun dini uydurduğunu iddia etməsindən başqa onun yalançı olması böhtanı gəlir:
 "Sən də bizim kimi adi bir insansan! Bizə elə gəlir ki, sən yalançının birisən!" ("Şuəra" surəsi, 186). Daha sonra böhtanlar ifrat həddə çatır:

 "Məgər içərinizdən vəhy yalnız onamı nazil olmuşdur? Xeyr, o, yalançının, lovğanın biridir!" ("Qəmər" surəsi, 25).

İnkarçıların ən çox üzərində durduğu mövzu budur: "Nə üçün bir başqası deyil, məhz o? Təbii ki, o, deyil, bir başqası olsaydı, bu səfər: "Nə üçün o, deyil, məhz bu?" sualı  veriləcəkdi... Əslində bunun yeganə səbəbi Allahın dinini təbliğ edəcək bir elçini qəbul etməmələridir. Çünki özlərinin azğın "atalarının dinində" belə bir anlayış yoxdur. Olsa da elçilik məqamına ancaq onların uyğun gördükləri biri gəlməlidir, məsələn, "...İki şəhərdən olan böyük bir adama nazil edilməli deyildimi?" ("Zuxruf" surəsi, 31). Qabaqcıllar onların adət-lərinə riayət etməyən, üstəlik də atalarının dini ilə heç bənzəri olmayan bir dinlə gələn rəsulu belə ittiham edirlər:

"...Biz səni açıq-aydın azmış görürük..." ("Əraf" surəsi, 60).

Bütün bunlarla yanaşı, Hz.Salehi "...Bizə sənin və yanında olanların ucbatından uğursuzluq üz verdi..." ("Nəml" surəsi, 47) deyərək uğursuzluqla Hz.Musanı "Yaxud mən az qala belə aydın deyə bilməyən bu zavallı, aciz kimsədən daha yaxşı deyiləmmi?!" ("Zuxruf" surəsi, 52) deyərək günahlandırmışdılar.
Şübhəsiz ki, tarixdə belə ittiham və böhtanlar çoxdur, ancaq burada toxunduqlarımız ən əsas olanlardır. Təbliğat aparanlara həmişə nifrət və təzyiq göstərərək qarşı çıxanlar olacaqdır. Quranda bizə bu insanlara verəcəyimiz cavablar, reaksiyalar haqqında ətraflı məlumatlar verilmişdir.

4. Atalarının dinini möhkəm müdafiə etmələri və möminləri də bu dinə cəlb etmə səyləri

"Beləcə, biz səndən əvvəl hər hansı bir məmləkətə qorxudan bir peyğəmbər göndərdikdə onun naz-nemət içində yaşayan başçıları sadəcə olaraq: "Biz atalarımızı bir din üzərində gördük və biz də onların yolu ilə gedəcəyik!" dedilər. Hər peyğəmbər öz ümmətinə belə dedi: "Əgər sizə atalarımızın sitayiş etdiyini gördüyünüz dindən daha doğrusunu gətirmiş olsam necə?" Onlar: "Biz sizinlə göndərilənləri inkar edirik!" deyə cavab verdilər" ("Zuxruf" surəsi, 23-24).

İnsanların yeni fikir və düşüncə tərzini mənimsəmələrini əngəlləyən şey onların "qanına işləmiş" prinsiplərdir. Bu prinsiplər ömrü boyu yaşadığı şəraitdən, ailə quruluşundan, dostlarından təsirlənərək ortaya çıxmış "insana məxsus" bir dünyagörüşü və həyat tərzi mənasına gəlir. Buna insanın "dünyagörüşü" də deyə bilərik.
Məhz təbliğat zamanı qarşıya çıxan ən böyük çətinliklərdən biri də dinə uyğun olmayan dünyagörüşlərini yıxıb yerinə Allah rizasına və qorxusuna dayanan, dünyaya deyil, axirətə yönələn bir dünyagörüşü qurmaqdadır. Bu dünyagörüşləri tamamilə materialist bir strukturda ola biləcəyi kimi din adı ilə ortaya çıxan, ancaq dinlə əlaqəsi olmayan fikirlərdən də yarana bilər. Həmçinin Quranda gördüyümüz kimi, dini təbliğ edən rəsullara və möminlərə verilən cavablar bəzən Allahı inkar edən şəkildə, bəzən isə o dövrdə mövcud olan ənənəvi dini qorumaq şəklindədir.
İnkarçıların var gücü ilə müdafiə etdiyi, onlara söylənənləri heç bir şəkildə qəbul etməməsinə səbəb olan və möminləri də özlərinə tabe etməyə çalışdıqları bu ənənəvi dini Allah "atalarının dini" kimi xarakterizə edir. İnsanların böyük bir qismi "atalarının dini"nə çox bağlıdır və onlara izah edilən gerçəkləri bu dinə uyğun olub-olmaması ilə qiymətləndirər. Bu mövzu haqqındakı ayələrdən bəziləri bu şəkildədir:

"Onlara: "Allahın göndərdiyinə tabe olun!" - deyildiyi zaman, onlar: "Biz ancaq atalarımızın getdiyi yolla gedəcəyik!" -deyirlər. Bəs ataları bir şey anlamayıb doğru yolda deyildilərsə necə?" ("Bəqərə" surəsi, 170).

"Onlara: "Allahın nazil etdiyinə və Peyğəmbərə tərəf gəlin!" - deyildiyi zaman: "Atalarımızın getdiyi yol bizə yetər", -deyə cavab verirlər. Bəs ataları heç bir şey bilməyib doğru yolda deyildilərsə necə?!" ("Maidə" surəsi, 104).

Göründüyü kimi, təbliğat aparılan bu insanlar atalarının dinini sipər edərək söylənənləri qəbul etmirlər. Buradan da bəlli olduğu kimi, atalarının dini çox köklü bir quruluşa malikdir. Bu quruluşda bir Allah anlayışı vardır, amma bu anlayış əvvəlki fəsillərdə də ətraflı olaraq anlatdığımız kimi, Quranda bildirilən həqiqətlərdən çox uzaqdır. Burada yenə şeytan fəaliyyətdədir. Quranda keçən "Şeytan sizi Allaha arxayın edib tovlamasın..." ("Loğman" surəsi, 33) şəklindəki ayə şeytanın istifadə etdiyi bir taktikanı ortaya çıxarır. Bu taktika insanların şeytanın təlqini ilə etdiklərini din adına, Allah adına edirlərmiş kimi göstərir. Allah bu vəziyyətə belə bir ayə ilə diqqət çəkir:

"Hər kəs Rəhmanın zikrindən boyun qaçırsa, Biz ona şeytanı urcah edərik və onun yaxın dostu olar. Şeytanlar onları doğru yoldan çıxardar, onlar isə özlərinin haqq yoldan olduqlarını güman edərlər!" ("Zuxruf" surəsi, 36-37).

Atalarının dinindəki insanların halı belədir. İnkarçıların öndə gedənlərinin vəziyyəti də bundan fərqlənmir. Üstəlik onlar din anlayışından öz mənfəətləri üçün istifadə edirlər. "Allah" kəlməsindən öz mənfəətləri üçün yararlanan bu növ ikiüzlülər Quranda belə tərif edilir:

"Nuh qövmünün kafir başçıları dedilər: "Bu, sizin kimi yalnız adi bir insandır. Sizə böyüklük etmək istəyir. Əgər Allah istəsəydi, mələklər göndərərdi. Biz bunu ulu babalarımızdan eşitmişdik" ("Muminun" surəsi, 24).

Bu ayədə diqqətlə nəzərdən keçiriləcək bir çox məqamlar var:

1. Cəmiyyətin bəzi tanınmış şəxsləri insanlar təbliğ edilən dinə inanmasın deyə böyük səy göstərməkdədir. Bu məqsədlə Allahın adından istifadə edirlər. "Əgər Allah istəsəydi, mələklər göndərərdi" ifadəsi də bu azğın anlayışı göstərir. Eyni zamanda da bu ifadə insanların möcüzə gözlədiyinə bir sübutdur. Birinci fəsildə də qeyd etdiyimiz kimi, inanmaq üçün xüsusi bir möcüzəyə ehtiyac yoxdur, ağıllı insan hər saniyə möcüzə ilə qarşı-qarşıyadır.
İnanmayanların insanları hidayət yolundan çəkindirmək və Quranda bildirilən həqiqətlərdən uzaqlaşdırmaq üçün Allah adından yararlanması digər bir ayədə belə keçir:

"Şeytanla dost olanlar ədəbsizlik etdikləri zaman: "Atalarımızı belə gördük. Bunu bizə Allah əmr etmişdir" -deyirlər. De: "Allah ədəbsizlik əmr etməz. Allaha qarşı bilmədiyiniz şeyimi deyirsiniz?"" ("Əraf" surəsi, 28)

Göründüyü kimi, atalarının dininə uyanlarda etdikləri pis əməlləri Allahın adına bağlayaraq özlərinə haqq qazandırma kimi azğın bir istək vardır.
2. Təbliğ aparılan insanlara təsir etməyə, düşüncələrini qarış-dırmağa çalışan bəzi şəxslər vardır. Bunlar ayələrdə "qövmün azğınlıqda qabaqcıl olanları" kimi xarakterizə edilir. Metodları insanların fikirlərini qarışdıraraq, bəzi hallarda onları təhdid edərək və onlara tətbiq etdikləri təzyiqçi avtoritetdən istifadə edərək onları inanmaqdan yayındırmaqdır. Bunun səbəbi isə məlumdur: inanclı insan ağıllı olur, gözüaçıq olur, ona söylənən yalanlara uymur və ən başlıcası dinə qarşı çıxanlarla fikir mübarizəsi aparır.
Təbiidir ki, belə bir cəmiyyətin qurulması "inkara uymuş qabaqcıllar" tərəfindən bəyənilir.
Bir sözlə, inkarçı cəmiyyətin qabaqcıllarının əslində şeytani quruluşun bir parçası olduğunu görürük. Şeytanın firqəsi olmuş qabaqcıllar onun təlqini ilə möminlərlə mübarizə aparmaqda, onu məqsədinə çatdıra bilmək üçün "vasitəçilik" etməkdədir.
3. Dini anladanlara qarşı mübarizə aparan "qabaqcıllar" dini təbliğ edən rəsulun əslində üstünlük əldə etməyə çalışdığı fikrini irəli sürürlər. Həqiqətlə heç bir əlaqəsi olmayan bu iddia rəsullara istiqamətlənmiş böhtanlar fəslində açıqlanıb.
4. "Ulu babalarımızdan da bunu eşitmişik" ifadəsi qövmün inkarçı qabaqcıllarının atalarının dininə bağlılığını göstərir. Ancaq Qurandakı "...Bəs atalarımız bir şey anlamayıb doğru yolda deyildilərsə, necə?" ("Bəqərə" surəsi, 170) ya da "Bəs şeytan onları cəhənnəm odunun əzabına çağırarsa, necə?" ("Loğman" surəsi, 21) və ya "Əgər sizə atalarınızın sitayiş etdiyini gördüyünüz dindən daha doğrusunu gətirmiş olsam, necə?!" ("Zuxruf" surəsi, 24) kimi suallar atalarının dininə bu cür bağlananların nə dərəcədə ağılsız və azğın olduğunu göstərir.
Maraqlıdır ki, atalarının dininə bu dərəcədə bağlanmış insanlar haqq dini təbliğ edən möminləri özlərinə tabe etmək istəyirlər. Bu haqda Quranda belə deyilir:

"Şüeyb tayfasının iman gətirməyi özlərinə sığışdırmayan əyanları: "Ey Şüeyb! Ya səni və səninlə birlikdə iman gətirənləri məmləkətimizdən mütləq qovacağıq, ya da siz bizim dinimizə dönəcəksiniz!" - dedilər. Şüeyb belə cavab verdi: "Dininizə nifrət etdiyim halda bizi bu işə məcbur edəcəksiniz?" ("Əraf" surəsi, 88).

Atalarının dininə bağlı insanlar üçün bu "geri qaytarma" hadi-səsi mühüm əhəmiyyət kəsb edir. Onlardan biri təbliğ nəticəsində haqq dini qəbul etsə, bu, onları qəzəbləndirər və məyus edər. O insanı dinlərinə qaytarmaq üçün çox səy göstərirlər. Bu səylər uğursuz olduqda onu özlərindən uzaqlaşdıraraq guya cəzalandırırlar (Əslində bu hərəkətləri mömin üçün bir gözəllikdir). Güc və iqtidara malik qabaqcıllar isə təhdidləri getdikcə çoxaldırlar.
Allahın Quranda tərif etdiyi dindən kənar hər inanc, Qurana zidd hər ənənə əslində ataların dini anlayışını təşkil edir. Bu dinə uyanların axırı isə cəhənnəmdir. Quranda belə deyilir:

"Daha sonra onların qayıdacağı yer mütləq yenə cəhənnəmdir! Çünki onlar atalarını azmış gördülər. Bununla belə yüyürə-yüyürə onların ardınca düşüb getdilər" ("Səffat" surəsi, 68-70).


: :